APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

Azərbaycan Banklar Assosiasiyası APA-nı mükafatlandırıb

Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017”adlı tədbir keçirilib.

 

ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak ediblər.

 

Tədbirdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev bildirib ki, 2017-ci il Assosiasiyasının ekspertləri bir sıra qanun layihələrinin, eləcə də normativ aktların hazırlanması və tətbiqi məsələlərində yaxından iştirak ediblər.

 

ABA-nın nəzdində Bank Ombudsmanının yaradılmasına toxunan Z.Nuriyev deyib ki, bu, beynəlxalq praktikaya uyğun olaraq atılan addımdır.

 

Z.Nuriyev əlavə edib ki, ABA tərəfindən hazırda bütün dünyada aktual olan maliyyə-bank sektorunda kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq İT konfrans keçirilib, “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: islahatlar, nəticələr, perspektivlər” adlı II Bankçılıq Forumu keçirilib, Forum ərzində yerli və xarici ekspertlər tərəfindən maraqlı təqdimatlar edilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

 

Dövlət qurumları ilə, o cümlədən Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə, eyni zamanda beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, SECO ilə mövcud əlaqələr daha da genişləndirilmiş, sıx, qarşılıqlı faydalı işgüzar əlaqələr qurulub.

 

ABA Avropa Banklar Federasiyası, Mərkəzi-Şərqi Avropa Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi, Rusiya Banklar Assosiasiyası kimi qurumlarla da əlaqələri genişləndirib, il ərzində təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlər gerçəkləşdirilib.

 

ABA-nın nəzdində çalışan ekspert qrupları aktiv fəaliyyət göstərmiş, il ərzində ekspert və işçi qruplarının, həmçinin xarici ekspertlərin iştirakı ilə 60-dan artıq görüş və dəyirmi masalar keçirilib, aidiyatı qurumlara 30-a yaxın, məktub-müraciət, təklif-tövsiyyə xarakterli sənədlər hazırlanaraq göndərilmiş, TV-lərdə və digər kütləvi informasiya vasitələrində 10-larla müsahibələr verilib, ekspert rəyləri cəmiyyətə çatdırılıb.

 

Bank çalışanlarının motivasiyasını yüksəltmək, asudə vaxtın səmərəli təşkili və qarşılıqlı kommunikasiya məqsədilə müxtəlif tədbirlər, o cümlədən ənənəvi “Banklararası şahmat turniri”, “Breyn-rinq çempionatı” və s. bu kimi tədbirlər həyata keçirilib.

 

Bütün bu işlərin reallaşdırılmasının ABA üzvlərinin aktiv dəstəyi, yaxından iştirakı və etimadı sayəsində mümkün olduğunu söyləyən Z.Nuriyev bütün üzv-təşkilatlara və ABA-nın fəaliyyətinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

 

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

 

Belə ki, “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AccessBank” ASC, “Amrahbank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC , “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, "TuranBank" ASC mükafatlandırılıb.

 

“Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə “Azər Türk Bank” ASC,“NBCBank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.

 

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Amrahbank” ASC, “Bank of Baku” ASC, “Bank VTB (Azərbaycan)” ASC və “Kapital Bank” ASC təltif edilib.

 

2017-ci ildə ABA ilə sıx işgüzar əməkdaşlıq etmiş dövlət qurumlarının nümayəndələrinə də mükafatlar verilib.

 

Bundan əlavə “Qızıl partnyor” nominasiyası üzrə Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə Əməkdaşlıq Təşkilatı (SECO), Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, "Ernst&Young", "Altair" MMC və "Antaris" MMC kimi beynəlxalq və yerli təşkilatlar təltif edilib.

 

Tədbirdə ABA ilə sıx əməkdaşlıq etmiş media nümayəndələrinə - informasiya agentliklərinə, iqtisadi yönlü xəbər portallarına və televiziya şirkətlərinə - “Media partnyor” nominasiyası üzrə mükafatlar təqdim olunub. Mükafatlandırılanların arasında APAinformasiya agentliyi də var.

 

Sonda ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, Assosiasiyanın nəzdində çalışan ekspert qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb və vurğulanıb ki, il ərzində ekspert qruplarının hər biri çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərib, bank sektoruna aid məsələlərin həllinə əhəmiyyətli töhfələr veriblər. Bu baxımdan ekspert qruplarının mükafatlandırılması “yaxşıların içərisindən ən yaxşılarını seçmək” mahiyyəti daşıyır.

 

Beləliklə, “Ən fəal ekspert qrupu nominasiyası” üzrə “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə” Ekspert qrupu 1-ci yer, “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupu 2-ci yer, “Hüquqi məsələlər üzrə” Ekspert qrupu isə 3-cü yerə layiq görülüb.