APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

“İran mətbuatından gözləntimiz budur ki, Qarabağ münaqişəsi ilə bağlı doğru xəbərlər yaysın”

“İranla sıx əməkdaşlıq etmək niyyətindəyik”.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri “APAHoldinq”in prezidenti Vüsalə Mahirqızı Tehranda mətbuat və xəbər agentliklərinin sərgi-festivalı çərçivəsində təşkil olunan dəyirmi masada “APA xəbər agentliyi və yeni media” mövzusunda çıxışında deyib.

 

V. Mahirqızı əvvəlcə iştirakçılara APA haqqında məlumat verib. O bildirib ki, yeni və ənənəvi media bir-biri ilə əməkdaşlıq etməli və müştərək fəaliyyət göstərərək irəliləməlidir: “Bizim şirkətimiz fəaliyyətini sosial şəbəkələr vasitəsilə də qurub. “Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələr, xüsusilə “Facebook” bizim ölkədə populyardır. Ölkəmizdə 2 milyondan artıq “Facebook” istifadəçi qeydiyyatdan keçib. Bu səbəbdən  agentliklərin çoxu “Facebook”da fəaldır”.  

 

V. Mahirqızı çıxışının davamında Dağlıq Qarabağ münaqişəsindən danışıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan dövləti və mediası üçün çox önəmli məsələdir: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Siz iranlılar öz ölkənizdə müharibəni yaxından görmüsünüz və bunun nə olduğunu bilirsiniz. Ona görə, istəyirəm fürsətdən istifadə edib deyim ki, İran mətbuatı həqiqətləri çatdırmaqda fəal rol oynaya bilər”.

 

APA Holdinq” rəhbərinin sözlərinə görə, İranın müəyyən mətbuat orqanlarında bəzən elə məlumatlar dərc olunur ki, orada Ermənistanın siyasəti müdafiə edilir: “Bizim iki dost ölkə - İran və Türkiyənin mediasından gözləntimiz budur ki, Qarabağ münaqişəsi ilə bağlı doğru xəbərlər yaysınlar. İran dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağ məsələsində həmişə Azərbaycanın yanında olduğunu bildirib. Hər hansı bir müxbir Qarabağ münaqişəsi və ya Azərbaycan haqqında mənfi bir fikir söyləyirsə və yazırsa, dolayısı ilə öz ölkəsinə qarşı çıxmış olur. Xahiş edirik ki, İran mətbuatı  Azərbaycanla bağlı məlumatlar verərkən Azərbaycanın rəsmi mətbuatından mənbə kimi istifadə etsin. Qarşılıqlı olaraq biz də diqqətimizi İranın rəsmi xəbər agentliklərinin xəbərlərinə yönəldəcəyik”.  

 

V. Mahirqızı doğru xəbərlər əldə etmək üçün mətbuat  orqanları arasında birbaşa əməkdaşlığın önəmini vurğulayıb. O qeyd edib ki, bu, təkcə siyasi xəbərlərə deyil, mədəniyyət, incəsənət və iqtisadi sahələrə də aiddir.

 

Sonda V. Mahirqızı iranlı jurnalistlərin suallarını cavablandırıb.