APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

Azərbaycanlı dizayner Adobe Certified Expert sertifikatına yiyələnib

Azərbaycanlı dizayner Knyaz Yaqubov Adobe Certified Expert (ACE) sertifikatını qazanıb.

 

APA-nın xəbərinə görə, K. Yaqubov dizayn proqramları istehsalçısı olan Adobe şirkətinin sertifikat imtahanında iştirak etməklə bu sertifikata yiyələnib.

 

10 ildir, dizayn fəaliyyəti ilə məşğul olan K. Yaqubov bu günə qədər bir çox reklam və dizayn agentliyində çalışıb.

 

Azərbaycanlı dizayner “Code Academy”də (https://code.edu.az/education/qrafik-ve-veb-dizayn) dizayn dərsləri verir. O, həm də akademiyada Qrafik və Veb Dizayn proqramının rəhbəridir.

 

K. Yaqubov tələbələrini Adobe-nin sertifikasiya imtahanlarına hazırlaşdırır.

 

O, Azərbaycanda ACE sertifikatını qazanan yeganə şəxsdir.

 

Qeyd edək ki, hazırda ən çox tələb olunan iş sahələrindən biri də dizaynerlikdir. Dizaynerliyin sənət, yoxsa peşə olması ilə bağlı gedən mübahisələrin fonunda ölkəmizdə özünü dizayner kimi təqdim edən xeyli sayda insan var. Onların bir çoxu təsviri incəsənət məktəblərinin məzunudur. Bununla yanaşı, öz imkanları, daha doğrusu, internetin imkanları ilə dizayn proqramları, dizayn üsullar, dizayn üslubları və dizayn trendlərini öyrənib dizayner olanların da sayı az deyil.

 

Bu sahədə isə alınan mükafatların, sertifikat və diplomların mötəbərliyi önəmlidir. Xüsusilə də yerli mükafat akademiyaları və sertifikasiya institutları inandırıcılıq baxımından problem yaşayırlar. Bəlkə də buna səbəb ölkəmizin kiçik olması və insanların keçmişdə yaşadıqları xoş olmayan təcrübələrdir. Bütün hallarda beynəlxalq mükafatlar və sertifikatlar daha inandırıcıdır. Amma onlar arasında da mötəbərliyi ilə seçilənləri var ki, məhz ACE sertifikatı bu qəbildəndir.