"APA Servis" MMC

“APA Holding”də ixtisaslaşmış və peşəkarlardan ibarət İnformasiya Texnologiyaları Departamenti (İTD) fəaliyyət göstərir.

 

İTD-də bütün layihələr əsas baxışa çıxarılmazdan öncə test mərhələsindən keçirilir. Bu mərhələdə aşkar olunmuş bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra layihə “production-ready” olaraq qeyd edilir və təyin olunmuş vaxtda minimum “downtime”la mövcud sistemə daxil edilir.

 

Departamentin fəaliyyət istiqamətinə kiber hücumlardan müdafiə, məlumat təhlükəsizliyi, saytların qurulması, yenilənməsi və dayanıqlılığı, Mərkəzi Loqlama Sisteminin qurulması və idarəetməsi, xəbər izləmə sisteminə nəzarət, şirkət daxili şəbəkənin idarə olunması daxildir.

 

Şirkətə daxil olan layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün hər bir əməkdaş üzərinə düşən məsuliyyəti dərk edir. Sistem mütəmadi olaraq yoxlanılır və hər bir təhlükəyə operativ reaksiya verilir.

 

“APA Holding”də məlumat təhlükəsizliyinin bir növü olan məlumatın itirilməməsinə də təminat verilir. Şirkətin proqramçıları tərəfindən hazırlanmış sistemlə məlumat bazasında olan bütün məlumatların nüsxəsi avtomatik olaraq hər gün müxtəlif serverlərdə, müxtəlif vaxtlarda alınaraq saxlanılır. “Database Backup” adlanan bu işin avtomatlaşdırılması üçün, xüsusi, bütün halları nəzərə alan script hazırlanıb.

 

İTD-nin fəaliyyəti sayəsində şirkətə daxil olan saytların 24/7 dayanıqlılığı və saytların hər birinin mərkəzləşdirilmiş sistem içərisində müstəqil fəaliyyəti təmin olunub. Şirkət əməkdaşları həmçinin Azərbaycanda ilk dəfə olaraq, “MySQL GTİD-based Replication” (5.6.19) texnologiyasından istifadə edərək, fiziki olaraq fərqli iki serverin sinxron şəkildə işləməsinə nail olublar.

 

Holdinqə daxil olan saytlar üçün Mərkəzi Loglama və İdarəetmə Sistemi də qurulub. Sistemin daxilində bütün statistik məlumatlarla yanaşı, bir çox əməliyyatlar da avtomatlaşdırılıb.

 

Şirkətin İT Departamentinin əməkdaşları Azərbaycanda ilk dəfə xəbər izləmə sistemini də qurublar. Bu sistem vasitəsilə müasir medianın əsas problemlərindən olan istinad məsələsi ilə bağlı "APA Holding" artıq monitorinq apara biləcək. Sistem Azərbaycanda fəaliyyət göstərən media orqanlarındakı bütün xəbərləri təftiş edərək, xəbərin ilkin mənbəyini tapmağa, oxşarlıq dərəcəsini müəyyən etməyə, ilkin mənbədən fərqli olan dəyişikliyi göstərməyə, ilkin mənbəyə istinad edilib-edilmədiyini öyrənməyə imkan verir, həmçinin cari vaxtda, xəbərdə edilmiş dəyişiklikləri də müəyyən edib göstərə bilir.

 

Bundan başqa, İTD şirkətin foto bankının yaradılması və arxivləşdirilməsi üçün yeni sistem üzərində işləyib. Bu sistem şirkətin foto məhsullarının eyni ünvanda toplanmasına və operativ istifadəsinə imkan yaradır. Sistem bazada ümumi və ətraflı axtarışı təmin edir.

 

 

Sosial mediada

 

“APA Holding” ictimai rəyin formalaşdırılmasında əsas alətə çevrilən sosial medianın imkanlarından öz fəaliyyətində geniş istifadə edir. Holdinqə daxil olan media qurumlarının “Facebook”, “Twitter” sosial şəbəkələrində rəsmi səhifələri mövcuddur. Azərbaycanın bu sosial şəbəkələrdə formalaşan auditoriyasında “APA Holding”ə daxil olan media qurumlarının səhifələri kifayət qədər populyardır. Sosial şəbəkələrin imkanlarından bacarıqla istifadə holdinqin ictimai rəy formalaşdırma imkanlarını artırır, xəbərin daha operativ və çevik şəkildə oxuculara çatdırılmasını təmin edir. Holdinqdə sosial şəbəkələrdə fəaliyyətin idarə olunması ilə SMM qrupu məşğuldur.

 

Holdinqə daxil olan APA TV və “Lent.az”ın “Facebook” səhifələri daha aktivdir. APA TV-nin səhifəsi Azərbaycanda “Facebook” tərəfindən istifadəçilərə məsləhət görülən səhifələr siyahısına düşüb. APA TV-nin “Facebook” səhifəsini 130 mindən artıq istifadəçi bəyənib. Lent.az-ın isə bu sosial şəbəkədə izləyici sayı 112 mindən çoxdur. APA informasiya agentliyinin “Facebook” səhifəsi 60 min, Kulis.az 45 min, Vesti.az 25 min istifadəçi tərəfindən bəyənilib. Holdinq sosial şəbəkələrin hər gün dəyişən imkanlarını operativ şəkildə dəyərləndirərək Azərbaycan seqmentində öz payını artırmaq siyasəti yürüdür.

 

Holdinqə daxil olan media resursları “Twitter” sosial şəbəkəsinin imkanlarından da uğurla istifadə edir. “APA news” və “Lent.az”ın “Twitter” hesabları Azərbaycan seqmentində kifayət qədər öndədir. Hər iki hesabı təxminən 3 minə yaxın istifadəçi izləyir. “İnstagram” foto platformasında isə “APA Holding”in korporativ hesabı fəaliyyət göstərir.

 

“APA Holding”ə daxil olan APA TV internet televiziyasını “Youtube” sosial şəbəkəsində rəsmi kanalı fəaliyyət göstərir. Bu kanal APA TV-nin hazırladığı xəbər, süjet, reportaj və proqramları alternativ olaraq “Youtube” sosial şəbəkəsi vasitəsilə izləməyə şərait yaradır. APA TV-nin “Youtube”dakı rəsmi kanalında 10 minə yaxın videomaterial yerləşdirilib, bu materiallara ümumi baxış sayı 6 milyondan çoxdur. Kanalın 5 mindən çox abunəçisi var.

 

Müasir texnologiyaların sürətli inkişafı medianın uğurlu fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaqdan asılı edir. “APA Holding” bu inkişaf tempinə adekvat reaksiya verərək öz media resurslarının mobil əlavələrini yaradıb. Bu əlavələr oxucuların saytlardakı materiallardan istifadəsini maksimum asanlaşdırır. “Android” və “iOS” platformalarının on-line mağazalarında “APA Holding”ə daxil olan media qurumlarının pulsuz tətbiqetmələri yerləşdirilib. Bu tətbiqetmələrdən istifadə edən oxucu və tamaşaçılar ölkənin ictimai-siyasi, sosial həyatından baş verən yeniliklərlə dərhal tanış olmaq imkanı əldə etmiş olurlar.