"Vesti.az" İnformasiya Agentliyi

“Vesti.az” İnformasiya Agentliyi Azərbaycanda fəaliyyət göstərən rusdilli internet resursudur. Ölkənin rusdilli auditoriyasını və ümumilikdə dünyada rusdilli internet məkanını hədəf kütləsi seçən “Vesti.az” hazırda Azərbaycanda ən oxunaqlı rusdilli kontentlərindən biri sayılır.
 
Agentliyin fərqli xüsusiyyətlərindən biri operativ xəbər istehsalı ilə yanaşı, oxucularına reportaj, araşdırma üslubunda maraqlı materiallar təqdim etməsidir. “Vesti.az” auditoriyanın dəyişən tələblərini daim dəyərləndirərək öz oxucularına siyasətdən şou-biznesə, sosial mövzulardan idman xəbərlərinə kimi geniş spektri əhatə edən materiallar təqdim edir.
 
2009-cu il 16 mart tarixində fəaliyyətə başlayan “Vesti.az”ın xəbər siyasəti geniş və hərtərəflidir. Maraqlı insanlar haqqında portret yazılar, tarixi mövzularda araşdırmalar, tanınmış ekspert və tədqiqatçıların fikirlərinin yer aldığı məqalələr, regionda və dünyada baş verən proseslərin icmalı, operativ dəyərləndirilməsi və hərtərəfli şəkildə oxuculara çatdırılması agentliyin əsas fəaliyyət prinsipidir. Saytda oxucular arasında maraq doğuran layihə və rubrikalar fəaliyyət göstərir.
 
Gündəlik fərdi istifadəçi sayı on minlərlə olan agentliyin xəbər siyasətinin ana xəttini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri rusdilli oxucu auditoriyasına çatdırmaq təşkil edir. Ermənistanın işğalçılıq siyasətinin ən fərqli məqamlarını konkret faktlar əsasında işıqlandıran, prosesi tərəfsizlik prizmasından işıqlandırmaqla hədəf seçdiyi auditoriyanın rəğbətini qazanan “Vesti.az” Azərbaycanın apardığı informasiya müharibəsində önəmli resurslardan birinə çevrilib.
 
Agentliyin əsas hədəfi Azərbaycan hüdudlarından kənarda, rusdilli internet məkanında öz auditoriyasını genişləndirmək, bununla da daha təsirli ictimai rəy formalaşdırma imkanına sahib olmaqdır.