Xəbər

01.03.2017

"APAMark"ın baş direktoru: "Ötən il 15 şirkətə marketinq və PR xidməti göstərmişik"

 

Bu gün "APA Holding"ə daxil olan "APAMark" Marketinq və Piar şirkətinin yaranmasından bir il ötür.

 

Şirkətin baş direktoru Ceyhun Fərzəliyev APA-ya bildirib ki, rəhbərlik etdiyi qurum ötən il ərzində 15-ə yaxın şirkətə marketinq və PR xidmətləri göstərməklə onların inkişafına öz töhfəsini verib.

 

"Biz, peşəkar mütəxəssis resursundan və texniki bazamızdan istifadə edərək növbəti illər ərzində Azərbaycanda fəaliyyət göstərən müxtəlif istiqamətli şirkətlər üçün fərdi marketinq həll yolları təqdim etməyi hədəfləyirik" deyə Fərzəliyev bildirib.

"APAMark" Marketinq və Piar şirkətinin yaranmasından bir il ötür

 

Bir il ərzində 15 şirkətə marketinq və PR xidmətləri göstərdiklərini deyən C. Fərzəliyev müraciətlərin sayının artdığını qeyd edib: " Bunların sırasında tikinti materialları sahəsindən tutmuş, tibb sektoruna kimi müxtəlif istiqamətdə fəaliyyət göstərən şirkətlərin adlarını qeyd etmək olar. Hazırda həmin şirkətlərlə əməkdaşlığımız davam edir". C. Fərzəliyev sifarişçilər arasında rəsmi qurumların da olduğunu vurğulayıb.

 

Baş direktor bildirib ki, şirkət, ötən il olduğu kimi bu il də Sosial Media Marketinq, veb saytların dizayn olunması və proqramlaşdırması, qrafik dizayn sahələri üzrə peşəkar kadrların yetişdirilməsi, foto və video çəkilişlərin aparılması istiqamətində işləri davam etdirəcək.

 

C. Fərzəliyevin bildirdiyinə görə, şirkət yaxın vaxtlarda saytının nəzdində (www.apamark.az) fəaliyyət göstərəcək Apa Photo Stock bölməsini istifadəyə verməyi planlaşdırır. Bu bölmənin yaradılmasında məqsəd, müştərilərə Azərbaycanın müxtəlif turistik yerlərinin, tarixi abidələrinin, müasir binalarının, bir sözlə fərdi və korporativ müştərilərin öz işlərində istifadə edə biləcəyi fotoları yüksək keyfiyyətli variantını təqdim etməkdir. Hazırda həmin bölmənin yaradılması və şəkillərin qiymətlərinin tənzimlənməsi istiqamətində işlər aparılır.


Qeyd edək ki, Apamark şirkəti müştərilərə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, onlayn və oflayn marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətlər təklif edir.

 

Xatırladaq ki, "APAMark" şirkəti "APA Holding" MMC yə daxil olan şirkətlərdən biridir. "APA Holding"ə MMC özündə həmçinin APA İnformasiya Agentliyi, APASport İdman Agentliyi, Lent.az portalı, vesti.az rusdilli online qəzeti, APA TV online televizyası və "APA Servis" İT şirkətini birləşdirir.